Rusiya dost və müttəfiq hesab etdiyi ölkələri kreditlərlə dəstəkləməyə davam edir. Ən çox borcu olan ölkələr sırasına Belarus, Banqladeş və Hindistan daxildir.
Hafta.az-ın “RİA Novosti”yə yazdığına görə, Dünya Bankının təhlilinə əsasən, Rusiyanın digər ölkələrə verdiyi kreditin həcmi 2023-cü ildə 30 milyard dollara çatıb ki, bu da 1999-cu ildən bəri ən yüksək səviyyədir. Ən çox yeni kredit alan ölkələr arasında Misir, Banqladeş və Hindistan seçilib.
Rusiyanın digər ölkələrdən cəmi debitor borcu keçən il 1,3 milyard dollar artaraq 30,1 milyard dollara çatıb. Bu rəqəm sonuncu dəfə 1999-cu ildə 32,8 milyard dollara çatmışdı.
Rusiyaya ən çox borcu olan ölkə Belarusdur. Belarusun borcu 7,75 milyard dollara çatıb ki, bu da ümumi Rusiya kreditlərinin dörddə birini təşkil edir.
Banqladeş 6,6 milyard dollar borcla ikinci, Hindistan isə 4,1 milyard dollar borcla üçüncü yerdədir.
Bu reytinqdə ilk beşliyə daxil olan digər ölkələr isə Misir və Vyetnam olub. Misirin borcu 3,3 milyard dollar (11 faiz), Vyetnamın borcu isə 1,4 milyard dollar (5 faiz) təşkil edir.
Ötən il ən çox borcu olan ölkə Misir olub. Misirin Rusiyaya olan borcu 1,45 milyard dollar artıb.
Banqladeşin borcu 745 milyon dollar artdığı halda, Hindistanın borcu 363 milyon dollar artıb. Bundan başqa, Özbəkistanın borcu 41,3 milyon dollar, Əfqanıstanın borcu isə 19,9 milyon dollar artıb.
Borcu artan digər ölkələrə Zambiya, Yəmən, Şri-Lanka, Ekvador, Sudan və Moldova daxildir. Bu ölkələrin ümumi borcu 26,54 milyon dollar artıb.
Keçən il yeni borc götürən başqa bir ölkə Nikaraqua olub. Nikaraqua 2003-cü ildən bəri ilk dəfə Rusiyadan 16,9 milyon dollar kredit alıb.
Bəzi ölkələrin isə Rusiyaya olan borclarında azalma müşahidə olunub. Ən nəzərəçarpacaq azalma Somalidə olub. Rusiya Somalinin borcunun böyük hissəsini silib və borc 703 milyon dollardan 49 milyon dollara düşüb. Bundan başqa, Belarusun borcu 487 milyon dollar, Serbiyanın borcu 117 milyon dollar, Ermənistanın borcu 40 milyon dollar, Azərbaycanın borcu isə 22 milyon dollar azalıb.